
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın
Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji
Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan
Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildə başlanan
müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR
Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət
təhlükəsizliyi orqanlarına xidmətə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik
orqanları sistemində çalışan Heydər Əliyev 1965-ci ildən Azərbaycan SSR
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini,
1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.
Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil
almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini
bitirmişdir.
1969-cu ildən Heydər Əliyev Azərbaycan respublikana rəhbərlik etmiş, 1982-ci ilin dekabrında Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun üzvü seçilərək SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin
rəhbərlərindən biri olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə
etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə
əlaqədar ertəsi gün o Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı
törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb
etmişdir. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ
rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, H.Əliyev 1991-ci ilin
iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış,
həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü
illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan
Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə
Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında
partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə
ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə
ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya
dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan
Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də
xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini
toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü
il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli
sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə
əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika
Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
Heydər Əliyev bir çox dövlət orden və medallarına, beynəlxalq
mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru
seçilmiş,
iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını
almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.
27 mart 1997-si il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı
"Yaroslav Mudrı" ordeni təqdim edilmişdir.
13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı -
"Atatürk Sülh Mükafatına" layiq görülmüşdür.
20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə
Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilmişdir.
3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının
Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru
və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür.
10 may 2003-cü il - Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey
Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanmışdır.
"Etalon Security" MMC









