Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda
mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20
Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən
və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə
və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə
qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş
faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının
azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları
canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız
insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin
Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə
can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş
etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə
qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə
baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz
dərin nifrətini bildirir.