"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya aktı 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.
Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.
Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi.
SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
1991-ci il Oktyabrın 18-i isə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gündür. İstiqlaliyyətimizi yenidən qazanmağımızın19 yaşı tamam olur. Beləliklə, 1991-ci ilin bu günü Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı, varisi elan olundu. Ötən əsrin əvvələrində cəmi 23 ay müstəqil olan Azərbaycan yenidən azadlığa qovuşdu.
Bütün təbii sərvətlərin xalqa mənsubluğu haqda qərar qəbul edildi. Daha sonra himnimiz, gerbimiz və dövlət bayrağımız qəbul olundu. Elə həmin aktdan bəri Azərbaycan bütün sahələrdə beynəlxalq sazişlərə imza atmağa başladı, müstəqil inkişaf yoluna qədəm qoydü. Konstitusiya aktı həm də siyasi və iqtisadi münasibətlərin yeni fundamental prinsiplərini müəyyən etdi.
Bayramınız mübarək!
"Etalon Security” MMC