Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabrhər il Azərbaycanda "Neftçilər günü” peşə bayramı kimi qeyd edilir. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında mühüm tarixi bir gündür. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktları imzalandı. Bu müqavilənin imzalanması ilə Azərbaycanın iqtisadi inkişaf tarixində şanslı səhifə açılmış oldu. Azərbaycan ilk dəfə idi ki, 1994-cü il sentyabrın 20-də Bakıdakı "Gülüstan” sarayında 8 ölkəni (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) təmsil edən dünyanın məşhur 13 şirkət ilə (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) "Əsrin müqaviləsi” adlı belə böyük miqyasda saziş imzalayırdı. Dənizin dərinliyində yerləşən "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik, 4 dildə tərtib edilmiş bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. 1994-cü ilin dekabrında "Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı "Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir. Artıq bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadiyyatının inkişafında neft amilinin böyük rolu var. Artıq neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da ölkə iqtisadiyyatının bütünlüklə çiçəklənməsi deməkdir.
Sizləri 20 sentyabr "Neftçilər günü"və"Əsrin müqaviləsi"nin imzalanmasının 23 illiyi münasibıti ilə ürəkdən təbrik edir, cansağlığı, uğurlar, müstəqil Azərbaycanımızın çiçəklənməsi, neft sənayemizin tərəqqisi və inkişafinda gördüyünüz şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
"Etalon Security" MMC