
Dünya xalqlarının ordu quruculuğu sahəsindəki təcrübələrinin öyrənilməsi, xalqımızın sülhsevər və insanpərvərlik xüsusiyyətlərinin nəzərə alınması kontekstində gündən-günə təkmilləşən hərbi qanunvericilik silahlı qüvvələrin fəaliyyəti ilə bağlı problemlərin zamanın tələbi səviyyəsində həllinə xidmət etməklə bərabər, həm də dövlətimizin təhlükəsizliyinin və müdafiəsinin təmin olunması istiqamətində görülən məqsədyönlü işlərin qanunlar şəklinə salınmış təzahürünün göstəricisidir. Buna görə də hərbi qanunvericiliyin öyrənilməsi hərbi qulluqçular üçün lazım olduğu qədər hərbi xidmət keçmək kimi konstitusion vəzifə daşıyan hər bir vətəndaş üçün də vacibdir.
Demək olar ki, Azərbaycanda ən irihəcmli kitab olan bu topluda müstəqillik illərindən bu günə kimi olan hərbi sahəyə aid bütün qanunlar, Milli Təhlükəsizlik Strategiyası, Hərbi Doktrina, hərbi nizamnamələr, əsasnamələr, Nazirlər Kabinetinin qərarları, silahlı qüvvələrin geyim formaları və fərqlənmə nişanları, silahlı qüvvələrin və ayrı-ayrı qoşun növlərinin bayraqları və onların təsvirləri, orden və medallar, onların təsvirləri, müdafiə nazirinin əmrləri, Konstitusiya Məhkəməsinin qərarları, məcəllə və qanunlardan çıxarışlar və s. yer alıb.
Ensiklopediyanın belə əhatəli və böyük həcmdə hazırlanması tərtibatçıların onu istifadə üçün daha səmərəli və yararlı etmək, hərbi qanunvericilik sahəsi üzrə qəbul edilmiş normativ hüquqi aktları daha sanballı və kompleks şəklində oxuculara təqdim etmək arzusundan irəli gəlmişdir.
Eyni zamanda, kitabda bayraqların, ordenlərin və medalların dəqiq qrafik ölçüləri verilmişdir ki, bu da əyani təbliğat üçün əlverişli vəsaitdir. Bundan əlavə, ensiklopediyada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqlənmə nişanları da rəngli təsvirdə oxucunun diqqətinə çatdırılmışdır.
Kitabda hərbçilərin sosial müdafiəsi üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının öz əksini tapması ensiklopediyanın hərbi qulluqçular üçün faydalılığını daha da artırır.
Ensiklopediya hərbi sahədə çalışan mütəxəssislər, eləcə də hərbi qanunvericiliklə bağlı informasiya əldə etmək istəyən hər bir kəs üçün nəzərdə tutulub. Kitabda göstərilən elektron ünvanlara (rafiq.07@mail.ru eldar_askerov@yahoo.com) oxucular rəy və təkliflərini göndərə bilərlər.









