
MART SOYQIRIMI
Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.
Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Erməni millətçilərin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq,
soyqırım uzun bir tarixə malikdir. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və 2
il sonra Azərbaycanın xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən 1-ci
Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə "Erməni kartı"nı işə
salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusi ilə Bakı və Dərbənddə
ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdir. Çar 1-ci Aleksandr isə
1802-ci ildə Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdi: "Ermənilər
nəyin bahasına olursa olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə
olunmalıdır".
Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci
ildə baş verib. Həmin fəlakətlərin təşkilatçısı nankor ermənilərin qəddar
lideri C.Şaumyan olmuşdur. Xatırladaq ki, hələ 1917-ci ildə RSFSR Xalq
Komissarları Soveti tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin
edilmiş bu amansız şovinist təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata
keçirmək - azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət
axtarmışdır.
Onun əlinə belə bir fürsət 1918-ci ilin
martında düşmüşdür. Belə ki, 1918-ci ilin mart ayında Brest - Litovsk-Sürix
müqaviləsinin bağlanması ilə əlaqədar İran və Türkiyə cəbhəsindən geri dönən
rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdir. 12 minlik bu
ordunun 75 faizi erməni idi. Şəhərdə müsəlman əsgərləri isə son dərəcə az idi. Bu
zaman Lənkəranda könüllü Azərbaycan əsgərləri çətin vəziyyətdə qalmışdılar.
Bakıdan əsgərlərimiz onlara silah göndərmək təşəbbüsü ilə çıxış etmişdilər. Bu
təşəbbüs Şaumyana millətçi siyasətini reallaşdırmaq üçünəlverişli bəhanə
olmuşdu.
O, Lənkərana silah göndərilməsi əmri vermişdi.
1918-ci il martın 30-da Azərbaycan könüllü ordusunun zabitləri silahları
"Evelin" gəmisinə yüklədikləri zaman fürsəti əldən verməyən Şaumyan gəmi
ilə Lənkərana getmək istəyən müsəlman zabitlərinin Muğanda rus-malokan kəndlərini
məhv etmək tapşırığı aldıqları haqqında şayiə yayır və bu məsələ ilə əlaqədar təcili
tədbirlər görür. O, hər şeydən əvvəl rus-malokanlara canıyanan bir insan kimi
riyakarlıq edərək rusları qızışdırır və onları əmin edir ki, bu işdə ermənilər
ruslara lazımi dəstək verəcəkdir.
Beləliklə, 1918-ci il martın 30-da Şaumyanın mənfur
planı fəaliyyətə başlayır. Onun istəyi reallaşır - münaqişə qığılcımı
alovlanır. Qanlı erməni caynağı xərçəng kimi Azərbaycanı əhatə edir. Tarixə 31 mart soyqırımı kimi daxil olan fəlakətlər
başlayır.
1918-ci ilin mart-apreldə Bakı, Şamaxı, Quba,
Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə
insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə
yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində
122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211
kənd yerlə yeksan olunub. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu
haraya çatmasa idi bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə
qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur.
Onların məzarları dağüstü parkdadır, onlara ehtiram simvolu olaraq abidə
ucaldılmışdır.
1948-1953-cü illərdə 100 min azərbaycanlının
Ermənistan SSR-dəki tarixi yurdlarından qovulması, 1987-1989-cu illərdə Ermənistandan
son deportasiya və nəhayət erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü
onların mənfur siyasətinin - uydurma, qondarma "Böyük Ermənistan"
dövləti yaratmaq xülyası ilə bağlıdır. Təəssüf ki, ermənilərin yeritdikləri mənfur
siyasət vaxtında beynəlxalq aləmdə lazımi səviyyədə ifşa olunmamış, xalqımıza
qarşı törədilən bu soyqırıma siyasi, hüquqi qiymət verilməmişdir.
Doğrudur, Azərbaycan Demokratik Respublikası
1918-20-ci illərdə ermənilərin törətdikləri soyqırımı tədqiq etmək üçün fövqəladə
komissiya yaratmışdı. Komissiya 36 cildlik geniş material hazırlamışdı. Bu
materialların ingilis, alman, fransız, rus, Azərbaycan dillərində çap edilərək
Qərb dövlətlərinə göndərilməsi nəzərdə tutulmuşdu. Lakin 1920-ci ilin 28
aprelində Sovet ordusu ADR-i süquta uğratdıqdan sonra həmin məsələyə xitam
verildi. Xalqımızın haqq səsini ucaltmaq, tarixi həqiqəti dünyaya çatdırmaq sahəsində
də ümummilli liderimiz Heydər Əliyev öz dahiliyini və müdrikliyini göstərdi.
Onun 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi - etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında" və 28 mart 1998-ci il tarixli "Azərbaycanlıların
soyqırımı haqqında" fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq
faciəsi öz hüquqi - siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu.









